Kök Hüceyrə Müalicəsi Nədir? Hansı xəstəlikləri müalicə edir?

Sep 4, 2020ağrı müalicəsi, Diz artrozu, Kök hüceyrə, regenerativ tibb

İnsanlar daim ağrılarını aradan qaldıracaq ən asan üsulu axtarırlar. Əksəriyyət bir balaca ağrıyan kimi ağrıkəsicilərdən istifadə edirlər. Mütəxəssislər isə bunun problemi daha da böyütdüyünü düşünür. Çünki bu tip dərmanlardan mütəmadi istifadə orqanizmdə yeni fəsadlar yaradır. Üstəlik, yalnız nəticəni aradan qaldırır. O ağrıları verən səbəblər isə olduğu kimi qalır.

Bəs daha təhlükəsiz, daha effektli üsul varmı? Var. Kök hüceyrələrin köçürülməsi proseduru. Dünya təcrübəsinə nəzər salanda da görürük ki, cərrahi müdaxilə ilə müqayisədə kök hüceyrə proseduru daha əlverişlidir. 

Bu üsul ölkəmizdə yeni olduğu üçün insanları maraqlandıran suallar da çoxdur. Bunu nəzərə alıb, Medicina.az olaraq bu sahədə ən çox səsləndirilən sualları nevroloq, proloterapiya uzmanı, dr. Sevinc Heydərovaya ünvanladıq. 11 illik iş təcrübəsinə sahib, kök hüceyrə müalicəsini ölkəmizdə ilk dəfə tətbiq edən, bununla bağlı təhsilini Türkiyədə almış həkim-nevroloq, regenerativ tibb mütəxəssisi bildirdi ki, kök hüceyrənin tətbiqi bir çox xəstəliklərin yaxşıya doğru irəliləməsində, hətta tamamilə aradan qaldırılmasında ən effektiv üsuldur. 

- Son zamanlar ölkəmizdə kök hüceyrə ilə müalicəyə maraq artıb. Bu hansı müalicə növüdür və kök hüceyrələrin insan həyatındakı əhəmiyyəti nədən ibarətdir?

 Doğrudur, kök hüceyrələr getdikcə populyarlaşıb. Çünki effektivliyi çox yüksəkdir. Hər bir ölkədə olduğu kimi, yeni yarandığı dövlərdə kök hüceyrəni doğru edən və etməyən mərkəzlərə rast gəlmək olur. Biz kök hüceyrə yaradılmasını Azərbaycana gətirən mərkəzlərdən ilkiyik. Bəzən insanlar soruşur ki, kök hüceyrə etsək, kökələrik? Xeyr, “kök” sözü o anlamda deyil, ana hüceyrələr deməkdir. Ana hüceyrələr köçürüldüyü yerdə bölünüb çoxalaraq yeni toxumaya çevrilirlər. Bu qabiliyyətindən istifadə edilərək bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Kök hüceyrələrin tətbiqi ilə bağlı çoxsaylı üsullar var. Bizim tətbiq etdiyimiz kök hüceyrə yağ toxumasından alınır. Onu yağ toxumasından ayırmaq üçün xüsusi laboratoriya lazımdır. Ayırdıqdan sonra lazım olan nahiyəyə köçürülür. Azərbaycanda olan kök hüceyrə laboratoriyası əsasən oynaq, boyun, saç, çapıqların, yanıq izlərinin müalicəsi, çanaq artrozu, onurğa xəstəlikləri, dekolte hissəsi, üz və əllərin cavanlaşması üzrə ixtisaslaşıb. Kök hüceyrənin alınma növləri çoxdur. Məsələn, plasentadan, yaxud döldən alınan kök hüceyrələr var. Bunların istifadəsi daha fərqlidir, venadaxili yeridilir. Uşaqlarda serebral ifliclər, insult, irsi problemlər və s. kimi ağır xəstəliklər zamanı tətbiq olunur. Hətta son zamanlarda COVID-19-un müalicəsində də istifadə edilir və çox effektiv olduğu sübuta yetirilib.

– Bu hüceyrə necə tapılır və necə tətbiq olunur?

Kök hüceyrələr sümük iliyindən, qulaq arxasından, yağdan və döldən alına bilir. Bizim aldığımız kök hüceyrə yağdandır. Çünki yağdan alınan kök hüceyrə daha zəngindir. Xəstəyə 5-10 dəqiqəlik yuxu verilir. Alınan yağlar laboratoriyada kök hüceyrələrə ayrılır. Bunun üçün ferment qatılır, yuyulur, təmizlənir və saf şəklində hüceyrə ayrıldıqdan sonra xəstəyə tətbiq edilir.


– Belə bir fikir var ki, kök hüceyrə ilə müalicə xərçəng riskini artırır. Bu nə dərəcədə doğrudur?

Döldən alınan kök hüceyrələrlə bağlı məlumatlar yayılıb ki, xərçəngə çevrilmə riski olur. Bu mümkündür. Amma bizim etdiyimiz SVF hüceyrənin xərçəngə çevrilmə riski sıfırdır. Çünki yağdan alınan hüceyrənin patoloji hüceyrəyə çevrilmə qabiliyyəti yoxdur. 

– Kök hüceyrələrini çoxaltmaq mümkündürmü?


– Bəli, mümkündür. Amma bu laboratoriya hələlik Azərbaycanda yoxdur. Mərkəzimizdə bunun danışıqları gedir və yaxın zamanda planlaşdırılır.

Kök hüceyrənin tətbiqində say məhdudiyyəti varmı?

Kök hüceyrə əslində 1 dəfə tətbiq edilir. Amma müəyyən hallarda xəstəyə 3 dəfə də tətbiq etmək olur. Əgər 3 dəfədən sonra heç bir nəticə alınmırsa, yenidən etməyin bir mənası qalmır. Bizim mərkəzdə adətən, xəstə 1-ci prosedurdan effekt alırsa, 2-cini məsləhət görə bilirik. Görsək ki, xəstədə çox ağır problemlər var və müəyyən qədər yaxşılaşma əldə edib, bir az da yaxşı olmaq istəyir, ona 6 ay, 1 il sonra 2-cini tətbiq edə bilirik. Əgər xəstədə ilkin olaraq heç bir nəticə əldə edilməyibsə, növbəti dəfə tətbiq etmirik. Bu barədə bizim mərkəzdə qaydalar ciddidir.

 – Anadangəlmə xəstəliklərdə kök hüceyrənin tətbiqi əlverişlidir?


Bəli. Amma çox təəssüflər olsun ki, o laboratoriya da Azərbaycanda yoxdur. Çalışırıq ki, onu Azərbaycana gətirək. Çox bahalı laboratoriyadır və effektivliyi yarı-yarıyadır. Burada əsas məsələ hansı xəstəlik olmasına bağlıdır. 3 dəfə, müəyyən fasilə ilə venadaxili tətbiq edilir. Xəstəyə hər prosedurda 3 milyon vahid kök hüceyrə köçürülür. 


– Bir Travmatoloq-ortoped cərrah bildirib ki, yeni kök hüceyrə transferinə hazırlaşırlar və istifadə edəcəkləri prosedur 2020-ci ilin ən son müasirləşmiş kök hüceyrə prosedurlarından biridir. Daha öncəki transferlərdən isə narkozsuz, əməliyyatxana olmadan, poliknik şəraitdə tətbiq edilə bilməsi, 90 faiz daha effektiv olması ilə fərqlənəcək. Sizcə, belə bir prosedur insanları qorxutmaz? 


– Onu ilk etmiş olmayacaq, Azərbaycanda həmin proseduru biz etmişik. Həm yerli keyitmə, həm də sedasiya ilə edə bilirik. Bu xəstənin öz seçimi ilə əlaqəlidir. Türkiyədə adi otaq şəraitində də kök hüceyrə proseduru tətbiq etdiyimiz xəstələr var. Sadəcə otaq şəraitində infeksiya riski bir az çox olur. Yağ infeksiyalaşmağa meyilli olduğuna görə, biz işimizi ehtiyatlı tutub, əməliyyat şəraitində edirik. Düzdür, bu cür bizim üçün daha baha başa gəlir. Çünki həkimə daha rahatdır ki, otaqda etsin və çox pul qazansın. Amma əməliyyat şəraitində infeksiya riski sıfırdır. 


– Hazırda kök hüceyrə fərqli məqsədlərlə istifadə olunur. Pasiyentlər sizə ən çox hansı səbəblə müraciət edirlər?

Ən çox dizartrozu, koksartroz şikayəti ilə müraciət edirlər. Bununla yanaşı, üz cavanlaşma ilə bağlı müraciət edənlər də azlıq təşkil etmir. 


– Bəs kök hüceyrə ilə cavanlaşma nə qədər etibarlıdır?
Kök hüceyrə ilə cavanlaşma indiyədək üz üçün edilən prosedurlardan ən yaxşısıdır. Çünki bu təbiidir və gələcəkdə daha da yaxşı nəticələr əldə etmək olur. Kök hüceyrə prosedurunda xəstə 1 dəfədə 1 neçə effekt almış olur – dolğu, liftinq effekti, qırışların açılması, üz quruluşunda dəyişiklik və s. Bundan əlavə, məlumdur ki, burunun formalaşması üçün rinoplastika edərkən qığırdaq önəmli rol oynayır. Biz onu bio-printerdə istədiyimiz formada şəkilləndirib, qığırdağın yaranmasını təmin edərək çox böyük işlər görmüş oluruq. 

– Sağalmayan və diabetik ayaq yaralarında da kök hüceyrədən istifadə olunur. Məsələn, şəkər xəstələri var ki, ayaqlarını itirmələri ilə üzləşirlər. Belə olan halda kök hüceyrə tətbiq etməklə onun qarşısını almaq olarmı? Ümumiyyətlə, belə xəstələrə kök hüceyrə nə vaxtdan tətbiq edilsə, yaxşıdır?


Bizim mərkəzdə diabetik ayaq yaralarına kök hüceyrə tətbiq edilir və çox gözəl effekt alınır. Tibb belə sağalmayan xəstəliklərin qarşısında aciz qalırdı, amma kök hüceyrə müalicəsindən sonra çox böyük nəticələr əldə edilib. Çünki kök hüceyrənin iltihab əleyhinə təsiri də vardır. 

– Hazırda əməliyyatsız müalicə üsulunu seçənlər üstünlük təşkil edirmi?


Bizim insanlar hər zaman əməliyyatdan qorxub. Biz əməliyyatı pisləmirik. Sadəcə, dünya protokolunda da əməliyyat həmişə son çarə olaraq qeyd olunur. Çünki əməliyyatın öz riskləri var. Diz oynağı protezi əməliyyatı travmatologiyada, ortopediyada ən ağır əməliyyatlardan sayılır və ciddi fəsadları ola bilir. Bu baxımdan xəstənin yaşı uyğundursa və başqa etdiyi prosedurlar ona kömək etməyibsə, artıq əməliyyat qaçılmaz olur. Təəssüf ki, bizim ölkədə çox gənc yaşda olanlara da protez əməliyyatı edirlər. Bu, mənim qarşı çıxdığım bir şeydir. Ümumiyyətlə, bütün dünyada insanlar nə qədər erkən kök hüceyrə tətbiq etsələr, o qədər də artrozun ağırlaşmış formasından yayınmış olar

– Kök hüceyrənin tətbiqində yaş məhdudiyyəti var?

Burda yaş faktoru yoxdur. Lakin müalicədə xəstənin fikri, gözləntisi önəmlidir. Ola bilər, xəstə 3-4-cü dərəcəli artrozla müraciət etsin və düşünsün ki, təptəzə oynağı olacaq. Bu yanlışdır. Xəstə desə ki, ağrılarının azalmağını, müəyyən qədər bərpa istəyir, bu zaman kök hüceyrə köçürürük. Hər xəstəyə individual yanaşılır. Elə xəstə var ki, ilk prosedurdan 6 ayadək bərpa gedir, amma çox zaman 1 ay sonra yaxşılaşma əldə edilir. Xəstə var ki, ilk ayında 80%, xəstə də var, 30-40% yaxşılaşır. –

-Kök hüceyrə hansı xəstəliklərdə daha əlverişli olur?

Bir çox xəstəliklərdə yaxşı nəticə əldə etmək olur. Sadəcə bu, hansı kök hüceyrənin hansı xəstəliyə köçürülməsi ilə bağlıdır. 

Bütün hüquqlar qorunur © 2020
Materiallardan istifadə edərkən www.doktorsevinc.az saytına hiperlink vasitəsi ilə istinad mütləqdir!